Bəzi dəri xəstəliklərində steroid, yani hormon tərkibli dərmanlar, həyat xilasedici olub vazkeçilməz müalicə şəklidir. Həkim tərəfindən Sizə təyin edilən müalicədən fəsad görməməniz üçün bunlara diqqət etməniz məsləhətdir.
Mədə qoruyucular
Kortizon tərkibli dərmanlar mədə üçün ziyanlıdır, mədədə ağrı, xora, qanaxma yarada bilər. Hər gün kortizonlu dərmanı içmədən öncə həkimin təyin etdiyi mədə qoruyucu dərmanı içməlisiz, səhər yeməkdən öncə qəbul edib özünüzü fəsadlardan qoruya bilərsiz. Kortizonlu dərmanı isə mütləq yeməkdən sonra və ya yeməklə birlikdə qəbul etməyə diqqət edin. Banan, armud şaftalı kimi meyvələr, kartof, zeytun yağı və süd kimi mədə dostu olan qidaları istehlak etməyə diqqət yetirin.
Dərmanın səhər saatlarında qəbulu
Hormon dediyimiz dərmanlar öz bədənimizdə böyrək üstü vəzində səhər saatlarında ifraz olunur. Bu dəngəni pozmamaq üçün hormon tərkibli dərmanlar da səhər içilməlidir. İki dozaya bölünmüş olduğu halda səhər və günorta saat 12:00 keçməmək şərti ilə qəbul edə bilərsiz.
Təyin edilmiş cədvələ riayət edilməsi
Sizə təyin edilmiş dərmanla eyni tərkibli kortizon deyilən hormon böyrək üstü vəzində hər gün ifraz olunur. Siz dərmanı içəndə və qanınızda o maddə dolaşmağa başlayanda beyin iştrakı ilə gərçəkləşən qəliz bir mexanizm sayəsində böyrək üstü vəz o maddənin artıq qanda olduğunu anlayaraq o gün üçün ifrazı dayandırır. Bu şəkildə Sizin içdiyiniz dozadan asılı olaraq böyrək üstü vəz təmbəlləşməyə başlayır. Məhz bu səbəblə, həkimlər kortizon tərkibli dərmanları yavaş yavaş azaldaraq kəsməyi məsləhət görür ki, böyrək üstü vəzin normal fəaliyyətini bərpa etməsi üçün zaman olsun. Siz bu cədvəli pozsaz, uzun müddət içdiyiniz dərmanı həkimə xəbər vermədən ani bir şəkildə dayandırsaz, ciddi sağlamlıq problemi yaşaya bilərsəniz.
Kalsiyum dəstəyi
Hormonal müalicə uzun zaman dilimində lazımi önləmlər alınmasa sümüklərdən kalsium əriməsinə səbəb olaraq osteropoz ilə nəticələnə bilər. Ən böyük risk altında menopauza sonrası qadınlar və az hərəkət edən yaşlı insanlardır. Bu səbəblə, kalsiyum və D vitamin tərkibli həblər də müalicənizə əlavə edilmiş ola bilər.
Ayrıca, sümük əriməsini-osteoporozu azaltmaq üçün:
spirtli və kafeinli içkiləri azaltmaq,
sümük istehsalına təkan verdiyi üçün idman etmək, hərəkətsiz həyat tərzindən imtina etmək,
yüksək miqdarda kalsium tərkibli qidalar (yağsız süd və süd məhsulları, xüsusən parmesan növü pendir, kələm, lobya, badam və quru meyvələr) istehlak etmək.
Şəkərsiz pəhrizə riayət etmək
Kortizonlu dərmanlar qan şəkərini yüksəldir. Bu səbəblə, kortizon mualicəsi alan hər pasient ciddi şəkərsiz pəhrizə riayət etməlidir. Mövcud olan şəkərli diabetin kontrolu daha da çətinləşir, günlük istifadə edilən diabet dərmanlarının dozaları endokrinoloq tərəfindən gözdən keçirilməlidir. Şəkər xəstəliyi olmayanlarda diabetin yaranması çox nadir görülür və ancaq olduqca yüksək dozalarda baş verir. Bir çox xəstədə müalicə bitəndən bir neçə ay sonra şəkər səviyyəsi müalicədən öncəki vəziyyətə geri qayıdaraq düzəlir.
Duzsuz pəhrizə riayət etmək
Hormonal müalicə bədəndə duz və su tutulmasına gətirərək təzyiq artışına səbəb ola bilər. Bu təsir çox vaxt mualicənin ikinci həftəsində başlayır. Duzsuz pəhrizə diqqət edərək həm təzyiq artışının həm də şişkinliyin (ödemin) qarşısını ala bilərsiz.
Göz müayinəsi
Hormon müalicəsi 6-12 ay sürən pasientlər katarakta, qlaukoma kimi xəstəliklərin qarşısını almaq üçün göz həkimində müayinə olunmalıdır.
İnfeksiyadan qorunmaq
Hormonal müalicə autoimmun deyilən, yəni pozulmuş şiddətli immun cavab ilə əlaqəli dəri xəstəliklərində istifadə olunur. Bu müalicədə hədəf immun cavabı yavaşlatmaqdır. Lakin dəri xəstəliyini sağaldan bu xüsusiyyət immuniteti zəiflədərək bakteriyal və viral xəstəliklərə meylliyi artırır. Uzun müddət yüksək dozda kortizon qəbul etmək məcburiyyətində olan xəstələr çox insan olan, infeksiya tutma ehtimalı yüksək olan yerlərə getməməli, ailə üzvlərində bir xəstəlik olanda şəxsi qorunma üsullara daha çox diqqət yetirməlidir.
Bu sadalananlara diqqət edərək, əlavə bir şikayətiniz olanda həkim ilə əlaqə saxlayaraq, zamanında tələb olunan analizlərə diqqət yetirərək hormonal dərmanların fəsadını yaşamadan ancaq fayda görə bilərsiz.
Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.