registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar
Ana səhifə

Allerqologiya

Allerqologiya

Atopik dermatit/Atopik ekzema



Atopik dermatit dəri quruluğu, qaşıntı və səpkilər ilə özünü göstərən, zaman-zaman düzəlib təkrar artan, uşaqlarda daha çox görülən xroniki bir dəri xəstəliyidir.

Atopik uşağı böyütmək ailədən böyük əmək istəyir. Qidalardan tutaraq evdəki əşyalara qədər xüsusi dəyişikliklərə getməniz lazım ola bilər. Bu xəstəliyin xroniki, uzun zaman narahat edəcək bir problem olduğunu unutmadan, vaxtaşırı ola biləcək artışlar zamanı çarəsizliyə qapılmadan səbrlə yanaşmaq çox önəmlidir.

Dəri quruluğu və buna bağlı qaşıntı xəstəliyin ən önəmli əlamətlərindən biridir. Qaşıntı səbəbiylə yuxu pozulması, yorğunluq, əsəbilik, məktəb yaşlarında dərs zamanı diqqətsizlik baş verə bilər.

Atopik dermatit irsi bir xəstəlikdir. Atopik dermatit olan uşaqların ailə üzvlərində allergik astma, rinit, konyunktivit kimi başqa allergik xəstəlik hekayəsi ola bilər. Zaman içində Atopik dermatitli olan xəstənin özündə də allergik bronxit, rinit əlamətləri də əlavə oluna bilər (statistikaya görə bu uşaqların 1/3-də meydana gəlir).

Atopik dermatit diaqnozu necə qoyulur?

Atopik dermatit xüsusi laboratoriya analizlərinə ehtiyac duyulmadan dəri əlamətləri ilə qoyulan bir diaqnozdur. Bu ekzema dəridə olur. Bəzi pasientlərdə əlavə qida allergiyası, tənəffüs yolları allergiyası da ola bilər. Belə xəstələrə xüsusən əlavə allergik testlər lazım ola bilər.

Xəstəliyin kəskinləşmələrinin qarşısı necə alına bilər?

Atopik Dermatit artışına səbəb olan faktorlardan uzaq durmaq lazımdır. Bunlar:

  • dəri quruluğu

  • çox isti su ilə çimmək

  • uzun çəkən hamam proseduraları

  • şiddətli tərləmə

  • yunlu paltarlar

  • toz tutan əşyalar

  • heyvan tükləri

  • bitki polenləri

  • stress və əsəbililik

  • körpə uşaqlarda bəzi qidalar

Atopik Dermatit olan uşaq necə pəhriz tutmalıdır?

Atopik dermatitdə pəhriz çox qəliz və mübahisəli mövzudur. Bir çox xəstədə qida allergiyası ola bilər. Bunlar daha çox süd və süd məhsulları, yumurta, fıstıq, balıq, soya və buğda mənşəli qidalardır. Lakin, bu o demək deyil ki, hər atopik uşaq pəhriz tutmalıdır. Allergiya sadəcə dəridə olub qida ilə əlaqəsiz də ola bilər. Böyüyən və inkişafda olan uşaq bədəninin ehtiyacı olan bu maddələrdən məhrum etmək üçün allergik testlər vasitəsi ilə qida allergiyası sübut olunmalıdır. Bu məsələnin ən çətin tərəfi isə uşağın yaşına bağlı olaraq testlər ilə alınan nəticələrin bəzən yanlış çıxmasıdır. Məsələn, qanda baxılan qida allergiyası testi çox güvənilir olmayıb, bəzən yalançı müsbət nəticə verə bilər. Yəni, bir ərzağa allergiya olmadığı halda test nəticəsi allergiya varmış kimi müsbət çıxa bilər.

Bu səbəblə, testlərin nəticələri, onların şikayətlər ilə uyğunluğu, pəhrizin gərəkli olub olmadığı məhz mütəxəssiz tərəfindən dəyərləndirilməlidir. Bəzən son qərar provokasiya testi dediyimiz üsullar ilə verilir (şübhəli qidanı yedirdərək). Bu durumlarda ancaq ailə ilə həkimin əməkdaşlığı uşaq üçün ən doğru olan qərara gətirir.

Sevindirici bir faktdır ki, ölkəmizdə çox şiddətli Atopik Dermatit nadir görülür. Bəzi mövsümlərdə arta biləcəyi unudulmamalıdır. Dəri quruluğu şikayəti qış aylarında artaraq qaşıntıya səbəb olur. Qaşıntı yayda da ola bilər. Yaydaki qaşıntıda əsas səbəb tərləmədir. Atopik dəri çox həssasdır. Öz bədənindəki tər büküm yerlərində, tüpürcək ağız ətrafında, göz yaşı da göz çevrəsində qızartı və qaşıntıya səbəb ola bilər. Əlbəttə ki, bu qədər həssas olan dəri hər növ sabunu, şampun və ya kremi qəbul etmir, xüsusi həssas dəri növü üçün olan məhsullar tələb edir.

Müalicədə istifadə olunan hormonal dərmanların ziyan verməməsi üçün nələrə diqqət yetirmək lazımdır?

Bir gerçəkdir ki, ekzema xəstəliyində istər sürtmə krem şəklində, istər həb şəklində hormonal dərmanlar bütün dünyada geniş istifadə olunur.

Hamı bilir ki, hormonal müalicə məsum və ziyansız deyil, yanlış və aşırı istifadə zamanı fəsadlara gətirə bilər. Bu səbəblə valideyinlərin bilməsi gərəkən bəzi vacib nüanslar var.

Hormon müalicəsini çox kəskin iki yerə ayırmaq lazımdır - dəriyə xaricdən sürtülən və daxilə qəbul edilən dərmanlar. Sürtmə dərmanlara bağlı daxili fəsadların olma ehtimalı olduqca aşağıdır. Həkim ilə məsləhətləşmədən körpə uşağa adi nəmləndirici kimi çox miqdarda həftələrcə hormonal krem çəksəniz daxili fəsad ola bilər. Əks halda, uyğun dozada, uyqun yerlərə, düzgün zaman bölümündə çəkilən bir krem ilə daxili fəsad əldə etmək qeyri-mümkündür.

Sürtmə, digər adı ilə lokal/topikal hormon tərkibli dərmanların uzun zaman istifadə olunması durumunda daxili yox, yerli yan təsirlər yarana bilər. Bunlar, dəridə tüklənmə artması, stria deyilən dəri çapıqları, sızanaq, atrofiya və buna bağlı damarların görünür hala gəlməsidir. Lokal hormonal kremlərin gücü müxtəlif olub, hər bir dəri bölgəsi üçün ayrı təyin edilir. Məsələn, həkimin qollara və ayaqlara yazdığı krem göz ətrafı üçün çox güclü və təhlükəli ola bilər. Ancaq təyinatlara uyğun dərmanları uyğun miqdarda çəkmək fəsadlardan qaçınmanın ən doğru yoludur.

Bəzi ağırlaşmalar durumunda həb şəklində hormonal dərmanlar həyat qurtarıcı olub vazkeçilməz müalicə şəklidir. Qısa sürən hormon müalicəsi fəsad törətmədən rahatlıqla həyata keçirilə bilər. Lakin bəzən xəstəlik şiddətli olub, qısa zamanlı müalicə ilə sağalmaya bilər. Bu durumlarda diqqət edilməsi gərəkən xüsuslar var.

Dərmanın səhər saatlarında verilməsi

Hormon dediyimiz dərmanlar öz bədənimizdə böyrək üstü vəzində səhər saatlarında ifraz olunur. Bu dəngəni pozmamaq üçün hormon tərkibli dərman da səhər içilməlidir. İki dozaya bölünmüş olduğu halda səhər və günorta verilə vilər, saat 12:00 keçməmək şərti ilə.

Mədə qoruyucuların istifadəsi

Hormonal dərmanların mədə üzərinə mənfi təsirləri var. Bunun qarşısını almaq üçün həkim tərəfindən müalicəyə mədə qoruyucu əlavə edilir. Ən az əsas dərman qədər onun da qəbulu fəsadlardan qaçınmanın ən doğru yoludur. Mədəyə ziyansız olan qidaların qəbulu da müsbət təsir göstərir.

Kalsium dəstəyi

Hormonal müalicə uzun zaman dilimində sümüklərdən kalsium əriməsinə gətirə bilər. Bu səbəblə, kalsiumu bol olan qidalar, bəzi durumlarda kalsiumlu həblər əlavə etmək lazım ola bilər.

Dərmanın sxemasının pozulmaması

Kortizon dediyimiz dərmanları daxilə qəbul etdiyimiz zaman öz bədənimizdə böyrək üstü vəzində hormon sintezi yavaşlayır, vəzdə təmbəllik əmələ gəlir. Uzun müddət verilən hormonal dərman ani bir şəkildə dayandırılsa bu narahatçılığa səbəb ola bilər. Bu səbəblə, müalicəni addım-addım azaldaraq dayandırmaq çox vacibdir. Həkim tərəfindən təyin olunan cədvələ riayət etmək, diqqətlə hərfiyən yerinə yetirmək çox vacibdir.

Şiddətli artış zamanı həkim nəzarəti altında verilən hormonal müalicəni həkimdən xəbərsiz verməməyə, hər bir dərmanı ancaq həkiminiz ilə irtibat halında tətbiq edərək fəsadlardan qaçına bilərsiz.

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.