registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar

Biopsiya


Biopsiya termini həkim olmayan hər bir insanın beynində onkologiya ilə bağlantı hissini oyandıraraq qorxu və panikaya səbəb olur. Əlbəttə ki, bu qorxu əsassız deyil. Lakin, dermatologiyada bu işlər biraz fərqlidir. Dəri həkimindən “Sizə biopsiya lazımdır” cümləsini eşidəndə, bunun çox vaxt bəd xassəli şişlərlə yaxından uzaqdan əlaqəsi olmadan, sadəcə bir diaqnostika üsulunun məsləhət görüldüyü anlamına gəlir.

Dermatologiyada günlük praktikada çox fərqli dəri xəstəliklərinin görüntüləri bənzər olub, differensial diaqnozları isə ən təcrübəli dəri həkimə belə çətinlik törədə bilər. Məsələn, bəzi ekzema növləri ilə pullu dəmrov səpkilərinin kliniki görüntüsü və yerləşimi eyni olub, bir baxış ilə ayırd edilməsi mümkün olmaya bilər. Dermatologiyada bu cür dəri xəstəliklərini bir birindən ayırmaq üçün qan analizi və ya ultrasəs kimi görüntülənmə vasitələri yoxdur, ancaq toxumada hüceyrə səviyyəsində aparılan analiz bu iki xəstəliyi bir birindən ayıra bilər. Bəzi xəstəliklərin dəri zədələnmələrinin öncədən görünməsi o xəstəliyin diaqnostikasını tezləşdirə bilər. Məsələn sarkoidoz xəstəliyini dəri zədələnməsi hesabına ilk olaraq dəri həkimi müəyyən edirsə o zaman pasiyent üçün bir şans yaranır.Çünki pasiyent dəri səpkisinə görə ilk olaraq dəri həkiminə müraciət edir. Əks halda sarkoidoz diaqnozu üçün ağciyərdən biopsiya götürülməlidir.

Dermatologiyada biopsiya tələb edən problemlərdən biri bəzi xallardır. Rəngi dəyişmiş, böyümüş bir xalın görüntüsü şüphə oyandırırsa dəri həkimi biopsiyanın götürülməsinin vacib olduğunu söyləyəcəkdir. Dermatologiyada biopsiya qızıl standartdır. Bu xaric edilmiş parçanın mikroskop altında baxılması-patoloji dəyərləndirilməsi, oradakı hüceyrələr haqqında məlumat vermədə əvəzolunmaz bir üsuldur. Lakin təəssüf ki, hələ də bir çox insan “xalı kəsmək olmaz, xala bıçaq dəyməməli” kimi, müasir tibbdə artıq absurd sayılan inanclara sahibdir. Heç bir biopsiya proseduru xalı pis xassəliyə çevirə bilməz, tam tərsinə, daha erkən mərhələdə təhlükəli hüceyrə varsa onun tapılmasına və xaric edilməsinə imkan tanıyar. Dermatologiyanın inkişafının gəldiyi son nöqtə əminliklə bunu söylədir: insan dərisində şüphəli, gələcəkdə təhlükə oyada bilən bir toxuma varsa, mümkün olduğu qədər tez müalicə edilməli, bu mümkün deyilsə, cərrahi üsul ilə uzaqlaşdırılmalıdır.

Biopsiya dermatoloji bir termindir və ilk olaraq dəri həkimi tərəfindən təklif edilib desəm, yəqin ki, təəccüblənərsiz. Atopik Dermatit xəstəliyinə Besnier qaşıntısı deyilməsi ilə dermatologiyada adı əbədiləşdirilən fransız dəri həkimi Ernest Henri Besnier, 1879-cu ildə ilk olaraq canlı insandan dəri parçası götürülməsinə biopsiya terminini təklif etmişdir.

Müasir tibb dünyasında fərqli orqanlardan alınan müxtəlif biopsiya növləri vardır. Qaraciyər, böyrək, sümük iliyi, bağırsaq kimi orqanlardan biopsiya götürmək böyük ustalıq istəyən olduqça çətin və pasient üçün əziyyətli bir işdir. Biz, dəri həkimləri isə bu mövzuda daha şanslıyıq, çünkü bizim analiz götürəcəyimiz toxuma göz qabağında, ən uyqun olan hissə isə əlimizin altındadır.

Dəri həkimi dəri biopsiyası götürmədən öncə müvafiq dəri nahiyyəsi tam keyləşdirilir və tək bir iynə ilə biopsiya materialı götürülür və pasient heç bir ağrı və ya başqa narahatlıq hiss etmir. Toxuma parçası bir neçə mm ölçülərdə olan “punch” adı verilən xüsusi bir alət ilə alındığı zaman tikiş atılmasına ehtiyac qalmır və dəri təbii bir şəkildə qısa müddətə özü sağalır.


Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.