registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar

Estetik


Günümüzdə, inkişaf etmiş ölkələrdə, xüsusən də son illərdə, estetik prosedurlara, kiçik və böyük əməliyyatlara olduqca böyük maraq var. Ən gənc yaşda belə, insanlar gözəlləşmə məqsədi ilə plastik cerrahların, kosmetoloqların qapısını döyür. Bizim klinikamızda da, üzə qulluq, peeling, üz və saç mezoterapiyası, dermaroller, üz və saç PRP-si, botox, filler kimi müxtəlif kosmetik prosedurların geniş spektrumu Sizlərə təqdim olunur.

Lakin bu mövzu göründüyü qədər səthi deyil. Bir insanın özünü bəyənməməsi və estetik dəyişiklik istəməsi, həqiqətən də obyektiv səbəblərə, varolan defektə bağlı ola bilər. Bunlar yaşlanmaqla bağlı qırışlar, sızanaq çapıqları, ləkələr, gözə çarpan asimmetriya kimi səbəblərdir. Lakin bəzi durumlarda, obyektiv bir səbəb olmadan da insan özünü bəyənməyə bilər. Belə insanlar kosmetoloq gəzirlər. Gəlin bu mövzunu daha dərin müzakirə edək.

Birincisi, bu cür əsassız özünü bəyənməmə, psixoloji xəstəlik əlaməti ola bilər. Psixiatriyada buna dismorfizm deyilir. Dismorfizm, bir insanın normal və ya normaya yaxın, qəbul edilə biləcək şəkildə, xarici görünüşə sahib olmasına rağmən, özünü çox çirkin, qüsürlu və əksik hiss etməsidir. Elə olur ki, nəinki normal, cəmiyyətdə gözəl olaraq dəyərləndirilən insan, özünü çirkin hiss edə bilər. Belə insanlar, ən kiçik sızanaq izini qalın makiyaj altında kamuflaj etmək üçün, güzgü qarşısında saatlarca əziyyət çəkənlərdir, bunlar normal olduqları halda, abartılı estetik istəklər ilə müxtəlif mütəxəssislərə-plastik cərrahlara, kosmetoloqlara müraciət edən pasientlərdir. Halbuki, onların müalicəsi, ilk öncə psixolojik dəstək, psixoterapiyadır. Dismorfizmə qadınlarda daha çox rastlanır, başlama yaşı isə 16-18 arasıdır.

Mütəxəssislər hesab edir ki, muasir dünyada, xüsusən də gənclər arasında, demək olar ki, onların bütün həyatlarını həbsetmiş sosial media, çox populyarlaşan selfie çəkimləri, başqalarının sosial şəbəkələrdə paylaşdığı, həqiqəti əks etdirməyən, üzərində oynanılmış gözəl şəkillər, dismorfizmi daha da artırır. Statistikaya görə dismorfizmdən daha çox ailə qurmamış və ya boşanmış insanlar əziyyət çəkir.

Plastik cərrah və ya kosmetoloq zamanında dismorfik pozulmanı hiss etməsə, pasienti doğru yönləndirməsə, bu insanlar dəfələrcə onları məmnun etməyəcək prosedurlar və əməliyyatlara məruz qalaraq illərcə həm fiziki, həm mənəvi, həm də maddi zərər görürlər.

İkincisi isə, bəzən də özünü bəyənən, olduğu kimi qəbul edib xoşbəxt olan bir insan şəxsi həyatında yaşadığı travma sonrası radikal dəyişiklik istəyə bilər. Sevgilisi tərəfindən tərk edilmiş bir gənc, xəyanətə uğramış bir insan, şəxsi həyatındakı uğursuzluqda öz xarici görünüşünü günahlandıraraq əsassız estetik dəyişiklik istəyi içində ola bilər.

Bu kimi hallar təəssüf ki, az deyil. Buna görə də kosmetologiya ilə məşğul olan bir kosmetoloq həkim biraz da psixoloq olub, pasientini daha yaxından tanımağa çalışmalıdır. Həkim, gənc və gözəl olan 18 yaşında bir qızın qüsuru olmayan dodaqlarını doldurmağa tələsməməlidir, özəl həyatında yaşadığı travma sonrası, ilk iş özünü estetik klinikaya atan bir insana müdaxilə etmədən öncə psixolojik dəstək təklif etməlidir.

Ancaq bunlara riayət edildiyi hallarda estetik təbabət uğurlu inkişaf edərək, dünyanı gözəlləşdirən bir vasitə ola bilər.

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.