registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar
Ana səhifə

Dolqu/Filler

Dolqu/Filler

Dolqu (Dolğu) kosmetologiyada yaşlanmağa bağlı həcm azalmasını bərpa etmək məqsədi ilə istifadə olunan maddələrin ümumi adıdır. Lakin dolqu tibdə çox uzun illərdir istifadə olunur. Bir çox xəstəliklərdə toxuma defekti əmələ gələ bilər, dermatoloji, revmatoloji problemlərdə lipodistrofiya - piy toxumasının əriməsi- baş verə bilər, xərçəng sonrası ciddi rekonstruktiv əməliyyatlarda təbii görünüm əldə etmək üçün bu cür maddələrə ehtiyac olub.

Müasir dünyada istənilən dodaq şəklini, cazib yanaqlar əldə etmək üçün istifadə olunan dolqular sintetik “hyaluronic acid” dediyimiz HA hialuron turşusu tərkiblidir.

İlk dolqu əməliyyatı XIX əsrin sonlarında alman cərrah Gustav Neuber tərəfindən həyata keçirilib. 1893-cü ildə osteomiyelit keçirən bir xəstəyə göz altı toxumaların təbii görüntüsünü bərpa etmək üçün xəstənin öz qolunun piy toxumasını istifadə edərək estetik əməliyyat icra olunub. Hələ də estetik cərrahlar bu metodikanı bədənin müxtəlif yerlərində müvəffəqiyyətlə icra edirlər. Daha sonrakı illər bu cür əməliyyatlar üçün sırayla parafin, maye silikon, heyvan kollageni istifadə olunub. Və nəhayət ki, fəsad baxımından bu sadalanan maddələrin hər birindən üstün olduğu kəşf edilən hialuron turşusu laboratoriya şəraitində sintez olunaraq 1997-ci ildə istifadəyə buraxılıb.

Lakin bizlər, bu iş ilə məşğul olan həkimlər, hələ də ideal dolqu maddəsinin kəşf edilmədiyini düşünürük.

İdeal dolqu maddəsindən arzuedilən xüsusiyyətlər bunlardır:

  • təbii görüntü vermək
  • yad maddə kimi rahatsızlıq hissi/ağrı törətməmək
  • uzun müddət qalıcılıq qabiliyyətinə malik olmaq
  • yer dəyişdirməmək
  • alergik reaksiya, infeksiyalaşma kimi fəsad törətməmək
  • həm toxumada ərimədən uzun zaman qalmaq, həm istənilməyən nəticə olanda rahatlıq ilə əridilə bilmək
  • münasib qiymətdə olmaq

Hal hazırda estetik bazarda 150-yə yaxın müxtəlif dolqular var. Bunları 3 qrupa ayıra bilərik.

Toxumada əriməyən qalıcı maddələr

  • Poliakrilamid - Aquamid
  • Polimetilmetakrilat PMMA - Artefill ®
  • Akrilik hidrogel

Uzun təsirli, yavaş əriyən, yarı qalıcı maddələr

  • Poli-L-laktik turşusu PLLA - Sculptra ®
  • Kalsium hidroksiapatit CaHA - Radiesse ®

Əriyən müvəqqəti maddələr
  • Hialuron turşusu HA
  • Autoloq yağ
  • Heyvan mənşəli kollagen (çox allergik olduğu üçün artıq istifadə olunmur).

Son illərdə bütün dünyada ən çox istifadə olunan HA dolğularıdır.

İstənilən insana dolqu (dolğu) vurmaq olar mı?
Xeyr, bəzi durumlar dolqu üçün əks göstəriş təşkil edir.

  • Hamilələrə və əmizdirən qadınlara,
  • Dolqu vurulacaq nahiyədə herpes, akne kimi infeksiyoz xəstəlik olanlara,
  • Dərin toxumalarda infeksiya olanlara,
  • Autoimmun xəstəliyi olanlara,
  • Daha öncə bir dolqu maddəsinə bağlı allergik reaksiya yaşamış insanlara

qətiyyən dolqu maddəsi yeritmək olmaz.

Bəzi vəziyyətlərdə dolqunun vurulub vurulmaması həkimin qərarından asılıdır. Biz buna nisbi əks göstəriş deyirik.

  • 18 yaşdan cavan olanlara,
  • qan durulducu müalicə qəbul edənlərə,
  • ağrıkəsici kimi dərmanlar qəbul edənlərə,
  • kelloidə yatqın insanlara,
  • yaxın zamanda lazer, peeling, dermabraziya kimi prosedurlar qəbul edənlərə,
  • eyni nahiyyədə daha öncə fərqli növ dolqu olanlara

təcrübəli həkim qərarı ilə, uygun hazırlıq aparılma şərti altında istisna hallarda dolqu vurula bilər.

Dolqudan sonrakı nəticəni bəyənməsəm düzəlməsi üçün nə qədər gözləməliyəm?
Bu istifadə olunan dolqunun növündən və qalıcılıq müddətindən asılıdır.

Müasir kosmetologiyada ən çox istifadə olunan HA tərkibli dolqulardır. Onlar rahatlıqla hialuronidaza deyilən maddə ilə əridilə bilər. İstənilən nəticə əldə edilməzsə, aşırı düzəltməyə (over correction) bağlı üzdə təbii görülməyən şişmə əmələ gəlsə və ya başqa bir daha ciddi fəsad olsa onların hialuronidaza ilə əritmək və dərini dolqudan öncəki vəziyyətinə qaytarmaq mümkündür. Məhz bu səbəblə əriyən dolqular ən çox tərcih edilir. HA tərkibli fillerlər 12-18 aya təbii şəkildə toxumada özü də əriyir.

Tam qalıcı olan, əriməyən dolqularda bu imkan yoxdur. Məhz bu səbəblə onların istifadəsi məhdud olub yaşlı pasientlər üçün tərcih edilir.

Dolqu vurulanda nə kimi fəsadlar ola bilər?

Çox görülən və tez düzələn fəsadlar:

  • İynə vurulan yerdə qan sızmasına bağlı göyərmə
  • Dartılma hissi
  • Ağrı

Nadir görülən fəsadlar:

  • Alergik reaksiya (daha çox lidokain tərkibli olanlara qarşı)
  • Autoimmun xəstəliyin aktivləşməsi
  • Şişmə, qızartı, su toplama
  • Yad maddə qranulyoması
  • Maddənin yer dəyişməsi
  • Dəridə pigmentasiya
  • İnfeksiyalaşma

Çox nadir görülən ciddi fəsadlar:
  • İşemiya
  • Nekroz
  • Korluq

Dolqu (Dolğu) maddəsinin damar içini tıxaması nəticəsində əmələ gələn bunlar kimi ciddi fəsadlar nadir də olsa mümkündür.

Məhz bu səbəblə, dolqu maddələri kəsinliklə

  • insan anatomiyasını yaxşı bilən,
  • əks göstərişlərə diqqət edərək doğru xəstə seçimi gerçəkləşdirən,
  • fəsad olmaması üçün bütün addımları doğru izləyən,
  • fəsadların qarşısını ala bilən,
  • fəsad əmələ gəlməsi durumunda onları zamanında anlayıb mualicəsini idarə edə bilən,

uyğun klinika şəraitində təcrübəli həkim tərəfindən tətbiq edilməlidir.

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.