registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar
Ana səhifə

Mezoterapiya

Mezoterapiya

Peu, rarement au bon endroit!



Müasir dünyada, xüsusən də kosmetologiyaya maraq göstərən qadınlar arasında, mezoterapiya sözünü eşitməyən yəqin ki, qalmayıbdır. Bəs mezoterapiya nə deməkdir? Nə üçün istifadə olunur?
Kəlimənin kökünə baxanda latın mənşəli iki sözdən ibarət olduğunu görürük: “mesos” orta və “terapi” müalicə deməkdir. Kosmetologiyada geniş istifadə olunan bu müalicə üsulu “dərinin orta qatına gəncləşdirici maddələrin yeridilməsi” şəklində tərif edilməkdədir. Lakin iş dəri ilə məhdudlaşmayıb, mezoterapiya tibb dünyasında təxmin etdiyimizdən çox daha faydalı və geniş istifadəyə malik bir üsuldur.

Gəlin mezoterapiyanın tarixçəsinə baxaq. İlk dəfə 1952-ci ildə fransız həkim dr. Michel Pistor bronxial astma xəstəsinə uyqun gördüyü prokain adlı dərmanı hər zaman olduğundan fərqli olaraq vena daxili deyil, dəri altına vuraraq əldə etdiyi nəticədən olduqca məmnun qalmışdı. Bu hadisə, dərmanı lazım olan yerə ən yaxın şəkildə iynə ilə vurulması fikrini, yani mezoterapiya ideyasını ağlına gətirdi. Mezoterapiya Fransız Tibb Akademiyası tərəfindən 1987-ci ildə rəsmi bir müalicə şəkli kimi qəbul edildi. Məqsəddən asılı olaraq hədəf toxumaya istənilən maddənin iynə vasitəsi ilə yeridilməsi həm müalicəvi həm də estetik ola bilər. Sadəcə kosmetologiya ilə məhdud qalmayıb, revmatologiya, travmatologiya kimi başqa sahələrdə də da geniş istifadə olunmaqdadır. Bir oynaq xəstəliyində oynağa vurulan iltihab əleyhinə dərmanlar, idman travmalarında vətərə vurulan bərpa edicilər, medikal mezoterapiya nümunəsidir. Yaşlanan dəriyə yenilənməsi üçün verilən hialuron turşusu, saç uzanması üçün biotin, dəri altı piy toxumasının əriməsi üçün lipolitiklər isə estetik mezoterapiya kateqoriyasına girməkdədir.

Qadınlar arasında maraq oyandıran mezoterapiyanın üstünlükləri nələrdir, həqiqətən mi, iynə ilə vurulması daha yaxşıdır? Bəlkə krem və ya həb ilə eyni effekti almaq mümkündür?

Birincisi, dərimizə lazım olan, onu təravətli və gənc saxlayan hər bir maddəni təəssüf ki, krem şəklində lazımlı yerlərə çatdırmaq hər zaman mümkün olmaya bilər. Molekulanın böyüklüyü, daşıyıcısı, dərinin təbii qoruma baryeri buna əngəldir.
Məsələn, kollagen adlı zülal, nəyinki dəri üçün, bütün bədənimiz üçün çox əhəmiyyətli olan bir maddədir. Kollagen dəri, sümük, vətər, diş və qığırdaq hüceyrələri üçün demək olar ki, mükəmməl əsnək bir yapışdırıcıdır. Hər yaşadığımız il dərimizdə bu dəyərli zülalın sintezi 1% azalır. Bütün dəri cavanlaşdırıcı üsulların əsas məqsədləri bu möcüzəvi kollageni artırmaqdır. Kollagen tərkibli kremlər, son illərdə hidrolizat kollagen içərikli həb, toz, maye şəklində qida əlavələri olduqça populyarlaşıb. Lakin ən balaca kollagen molekulasının ağırlığı 2000 daltondan başlayır. Dərimizin isə, qat qat olan qəliz anatomiyası və mükəmməl funksiyası ilə yad maddələrdən bizi qorumaq üçün 500 daltondan daha ağır molekulanı içəri qoymur. Bu o deməkdir ki, kollagen tərkibli kremlərdən möcüzə gözləməmək lazımdır, onlar adi nəmləndiricidən daha fərqli olmayacaqlar. Mezoterapiya üsulu isə xüsusi maddələrin dəriyə yeridilməsi nəticəsində ən təbii olan öz hüceyrəmizin kollagenini artıraraq dərimizin həqiqi mənada cavanlaşmasına imkan yaradır.

İkincisi isə, həb şəklində verilən maddələr ilə hədəf toxumada doğru konsentrasiya əldə etmək olduqca çətindir. Həbin bir hissəsi bədəndən atılır, bir hissəsi qan vasitəsi ilə heç bizə lazım olmayan orqanlara gedir. Nəticədə dəridə istənilən sıxlığı almaq üçün dərman çox yüksək dozalarda verilməlidir ki, bu da bəzən təhlükəlidir. Mezoterapiya isə bizə bu imkanı verir. Lazımlı maddə əsas toxumada istənilən konsentrasiyada bir başa iynə ilə çatdırıla bilər. Mezoterapiyanın yaradıcısı dr. Pistor da öz üsulu haqqında bu şüarı təklif etmişdi: “Peu, rarement au bon endroit”. Fransızcadan tərcümə edsək “Nadir, az və lazımlı yerə” deməkdir.

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.