registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar
Ana səhifə

Dermatoskopiya

Dermatoskopiya


Bir dermatoloqun ən çox qorxduğu və buna baxmayaraq hər zaman gözü axtardığı xəstəlik Melanoma adlı dəri xərçəngidir. Nədən qorxduğumuzu yəqin ki, anlatmağa gərək yoxdur, adı üstündə - xərçəng. Bəs nədən onu axtarırıq?

Çünki zamanında, daha xəstə fərqinə varmadan, melanomanı tanıyıb xaric etmək, insan həyatını xilas etmək deməkdir. Melanoma xəstəni narahat etməz, qaşınmaz və ağrımaz, bədənimizdə çox gizlicə başlayan bu qara nöqtəyə əhəmiyyət verməmək bizə çox baha başa gələ bilər. Məhz bu səbəblə, biz dermatoloqlar hər zaman pasientimizin şikayəti nə olursa olsun, onu müayinə edəndə, bir yandan da qara nöqtə və dəyişmiş xal varmı deyə axtarırıq. Bundan 20 il öncə bir xalın melanoma olub olmadığını, o xalı ancaq çıxartdıqdan sonra dəqiq deyə bilirdik. Lakin günümüzdə daha onu kəsib çıxartmadan biz dermatoloqların dəyərli məlumat verən sehrli alətimiz - dermatoskopumuz var.

Dermatoskop istifadəsi, diaqnostik cərrahi işləmləri xeyli dərəcədə azaltmışdır və statiskaya görə erkən mərhələdə melanomanı tanımamızı 27% artırmışdır.

İllər öncə, dəri xərçəngi diaqnozu üçün kəşfedilmiş dermatoskopun əhəmiyyəti gedərək artır və müasir tibbdə dermatoloqun bir çox xəstəlikdə işini asanlaşdıran ən yaxın dostudur. Cihazın çox çeşidli modelləri var, lakin hamısının prinsipi eynidir. Daxili işıq, xüsusi böyütmə və səthi işıq yansımasını ortadan qaldıraraq, dərinin dərin qatları altında yerləşən hüceyrələrin ən incə ayrıntılarını görməmizə imkan verir. Xüsusi təhsil almış təcrübəli dermatoloqun əlində, dermatoskop bir çox xəstəliyin, həmçinin saçlı dəri və dırnaq xəstəliklərinin diaqnostikasında böyük rol oynayır. Çılpaq gözlə görə bilmədiyimiz, böyüdücünün isə yetərsiz olduğu zaman, dermatoskop sayəsində adətən bir sehrbaz kimi dəri altını görə bilirik.

Hər bir insan ara sıra xallarını dermatoloqa göstərməlidir. Bütün bədən xalların xəritələnməsi dediyimiz bu prosedura ailəsində dəri xərçəngi hekayəsi olanlar üçün, dərisi daha açıq tonda olub çox günəş sevənlər üçün daha da əhəmiyyətlidir. Daha öncədən varolan bir xalın şəklinin dəyişməsi, böyüməsi və ya qanaması, daha öncə xatırlamadığınız yeni bir xalın ortaya çıxması həyəcan signalı kimi dəyərləndirilməlidir. Belə bir xalı tezliklə dermatoloqa göstərib onu dermatoskop altında incələyərək özünüzü ola biləcək bir təhlükədən qoruya bilərsiz.

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.