registrar
close-chat
Sürətli müraciət formu
close-chat
registrar
Ana səhifə

Dəri nədir? Bu orqan bizə nə üçün lazımdır?

Dəri nədir? Bu orqan bizə nə üçün lazımdır?

Dəri nədir? Bu orqan bizə nə üçün lazımdır?


“İnsan bədəninin çəkisinin 4-6% təşkil edən, epidermis, dermis ve dəri altı piy toxumasından ibarət olan…” deyə yazmağa başlasam, yəqin ki məqalənin əvvəlindən oxumağı buraxarsız. Hər web səhifəsində, kitablarda tapa biləcəyiniz sıxıcı anatomik məlumatlardır bunlar. Gəlin dərimizə bir başqa gözlə baxaq. Onun sağlamlığı nədən bütün bədən üçün əhəmiyyətlidir, onu düşünək.

Bir paltarı/köynəyi ildə neçə gün geyinirsiz? Düzdü, bu qarderoba görə dəyişir, amma inanmıram ki, kimsə hər gün eyni paltarı dəyişdirmədən geyinsin.

Birincisi, yuyub temizləmək üçün çıxardırıq. Əzilməsin deyə ütüləyirik. Və əlbəttə ki, bezməmək üçün dəyişirik. Hər keçən gün yeni kolleksiya geyim modelləri, vitrinlərdə nələr nələr görürük. Laqeyid olub almamaq mümkündür mü?

Bəs dərimiz? Kaş ki dərimizi də çıxardıb, ləkəsini yuyub, qırışını ütüləyib dolaba qoya bilsəydik. Adətən bir paltar kimi asqıdan istədiyimiz dərini seçib geyinə bilsəydik. Yatanda əzilməsin deyə çıxardib, səhər təkrar geyinsəydik, evdə geyindiyimiz dəri başqa, insanlar içində daha təravətli görünmək istəyəndə başqa dəri geyinə bilsəydik. Təəssüf ki, bu belə deyil.

Dəri bizim

  • gündəlik seçmə şansımız olmayan,

  • istədiyimizdə təmizləmə imkanımız olmayan,

  • yenisi ilə dəyişdirə bilmədiyimiz,

  • hər an geyinmək məcburiyyətində qaldığımız,

  • ən dəyərli paltarımızdır.

Lakin ağıllı dərimiz nə yaxşı ki, özü özünü təmizləyir. Bir dəri hüceyrəsi-keratinosit- ortalama 28 gündə dərinin alt qatından yola çıxaraq üst qatlara çatıb dəridən gözə görülməyən toz şəklində atılır və arxasınca yeni keratinositlər gəlir. Bəlkə inanmayacaqsız, evimizdəki tozun böyük hissəsi dərimizin tökülmüş ölü hüceyrələridir. Elm adamları əziyyət çəkib və bizim üçün hesablayıb ki, insan bir ildə 3.6 kg dəri hüceyrəsi itirir. Eləcə də gündə 100 ədəd tökülən saçlar, uzanan dırnaqlar özünü yeniləmə qabiliyyətinə malikdir.

Hər bir orqanımız kimi dərinin də vəzifələri vardır.

Qaşlar bizə nə üçün lazımdır? Gözəl qələm ilə boyayıb tatuajlar eləmək üçün? Qaşlar tərləyəndə alından axan tərin gözə girməməsi üçün vacibdir.

Kirpiklərimizin tək işləri gözəl görsənməkdir? Onlar gözlərimizi havada uçan yad maddələrdən qoruyur.

Dırnaqlar dırnaq boyası və şellak üçündür? Yüz illər öncə yaşayan atalarımız meşələrdə heyvanlar ilə savaşanda, ağaclardan meyvələr dərəndə o dırnaqlar çox vacib idi. Müasir dünyada daha çox xırda işləri görəndə istifadə etdiyimiz dırnaqlar zamanında həyat xilas edirdi.

Eləcə də dərinin özünəməxsus vəzifəsi vardır.

Birinci, örtücü fiziki baryer funksiyası. Dəri olmasaydı orqanlarımız, əzələmiz görsənən həm çirkin həm də müdafiəsiz bir varlıq olardıq.

İkincisi, qoruyucu vəzifə. Ətraf mühitdən hər an bizə saldıran müxtəlif mexaniki, termal travmalar, ultrabənövşəyi şualar, bədənə girmək üçün fürsət axtaran müxtəlif bakteriya və viruslar, kimyəvi, allergik amillər vardır. Bunlarla hər an bir müharibə içindəyik və bu müharibənin ön cəbhə döyüşçüsü dəri hüceyrəsidir.

Dəri həm də duyu orqanıdır: ağrı, təzyiq, vibrasiya, isti/soyuq ayırımı hissləri ağıllı dəri reseptorları sayəsində mümkündür. Həyatımızın bir parçası olan toxunma hissi, sevdiklərimizə toxunanda hiss etdiyimiz duyqular dəri olmasa mümkün olmazdı.

Bədən istiliyimizin qorunması-termorequlyasiya - bir başqa vacib vəzifə. Bədən hərarətimiz 29°C dərəcəyə düşərsə huşumuzu, 26°C olarsa həyatımızı itirərik. Yüksək hərarət ondan da təhlükəlidir, 43°C üstündə bədən zulallarında ciddi dəyişikliklər baş verərək 45°C istilik ölümlə nəticələnir. Həm dəri altı piy toxuması, tər vəzləri, tükləri qaldıran kiçik əzələlər, həm də dermis damarları doğru zamanda genişləyib daralaraq bu məsuliyyətli vəzifədə rol alırlar.

Son illərdə tibb dünyasında diqqəti öz üstünə çəkən D vitaminin sintezi də məhz dəridə həyata keçir. D vitamin əzələ gücü və sümüklərin böyüməsi, qan laxtalanması prosesində, ürək atışları və qalxanabənzər vəzin fəaliyyətində rol alan önəmli bir vitamindir.

O zaman gəlin bizim sağlam yaşamamız üçün bu qədər əziyyət çəkən, həyatımızdakı ən dəyərli geyimimiz olan dərimizə ən az paltarlarımız qədər diqqət yetirək, baxımına vəsait ayıraq, keyfiyyətli baxım məhsullarından istifadə edək, gecə makiyajla yatmayaq, bir xəstəliyi olanda narahat olub həkimə gedək, dərimizə ziyan verən addımlardan uzaq olaq. Gəlin dərimizə dəyər verək!

Qeyd: Məqalənin müəllif hüququ Dr. Leyla Mirzoyevaya aiddir və sayta istinad edilmədən paylaşılması qadağandır.